Xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb

1-3 may tarixlərində ölkəmizdə keçiriləcək “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb. Bakıda keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 mötəbər qonaq iştirakını təsdiqləyib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60 ölkəyə yaxın mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik, dil və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcək.

Forumda Nazirlər Konfransı və Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçiriləcək,

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), YUNESKO, İSESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.