Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Aslan Əmiraslanov Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 3 qızıl medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, idmançı birdən qaldırma hərəkətində 114 kiloqramı, təkanla qaldırmada isə 140 kiloqramı başı üzərinə qaldıraraq birinci yeri tutub. O, toplam 254 kiloqram (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər atlet Allahverdi Qaragözov isə toplam 225 kiloqram (100+125) nəticə ilə 5-ci yeri tutub.

Hər iki idmançı yaşı 15-ə qədər olan atletlər arasında 89 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 23-də yekun vurulacaq.