Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək
30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində baş tutacaq yarışda 10-dan çox ölkədən idmançıların iştirakı gözlənilir.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate yarışına hazırlıq işləri yüksək səviyyədə davam edir. Beynəlxalq turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə 30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində keçiriləcək.
Beynəlxalq karate turniri ilə bağlı fikirlərini bizimlə bölüşən Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, beynəlxalq karate yarışına hazırlıq işləri artıq başa çatmaq üzrədir: “3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 30 yanvar 2026-cı il tarixində saat 17:00-da Sərhədçi İdman Mərkəzində olacaq. Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.
Y.Hüseynovun sözlərinə görə, XI “ARPACHAY OPEN” karate turnirində 10-dan çox xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1000-ə yaxın idmançının iştirakı gözlənilir.

