Bakıda yaradılan bütün ictimai çimərliklər 15 iyundan başlayacaq mövsümə tam hazır vəziyyətdədir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar iyunun 15-dən etibarən başlayacaq çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.
Bu barədə IDEA İctimai Birliyindən məlumat verilib.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.