Bir vəkilə töhmət verilib, birinə xəbərdarlıq edilib, ikisi barəsində isə cərimə tədbiri tətbiq olunub

Mayın 1-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə VK-dan bildirilib.

Qeyd olunub ki, iclası açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, iclasda VK-nın Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən inzibati binasında aparılan təmir-tikinti işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, hazırda inzibati binada təmir-tikinti işləri davam etdirilir. Görülən işlər çərçivəsində müasir standartlara uyğun iş şəraitinin yaradılması üçün əlverişli infrastrukturun formalaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, iclasda dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı məsələyə baxılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, mövcud vəziyyət və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkilə töhmət verilib, 1 vəkilə xəbərdarlıq edilib, 2 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə edilib və zəruri qərarlar qəbul olunub.