Ötən gün vətəndaşların bank hesablarından 24 min manatdan çox vəsait oğurlanıb

Ötən gün bir sıra şəxslərin bank hesablarından 12 min 500, 4 min 179, 2 min 300, 1213, 1012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirlik vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır. “Kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır. Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. DİN bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”, - deyə məlumatda xəbərdarlıq edilir.