FHN əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Yerveinsan.az nazirliyə istinadla xəbər verir ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Nazirlik əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək təhlükəli vəziyyət yarada bilər. Eyni zamanda, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
“Çimərliklərdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə nazirlik bildirir.