DİN: Kinostudiyanın anbarında partlayış nəticəsində xəsarət alan yoxdur

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.

Məsələ ilə bağlı Müdafiə Sənayesi Nazirliyi mətbuat xidməti də məlumat yayıb. Bildirilir ki, 2025-ci il 26 iyun tarixində bəzi internet xəbər saytlarında Bakı şəhərində axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayışın baş verməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil. MSN-in tabeliyində olan heç bir zavodda partlayış baş verməyib.

Mediadan xahiş olunur ki, mətbuat xidməti ilə dəqiqləşdirmədən MSN ilə bağlı əsassız məlumatların yayımlanmasında diqqətli olsunlar.