Baş prokuror Yardımlıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 4-ü saat 10:00-da Yardımlı Rayon Prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, vətəndaşların qeydiyyatı və Yardımlı rayonuna gəlməyinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, Feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.