Magistraturaya ixtisaslaşma seçiminin tarixi məlum olub

İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.

Bu barədə DİM məlumat yayıb. 

Bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.