Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil - RƏSMİ

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, məqsəd şagirdlərin xarici dillərlə yanaşı, Azərbaycan dilini də yüksək səviyyədə bilməsini təmin etməkdir: “Rus dili üzrə müəllim hazırlığında müəyyən çatışmazlıqlar mövcuddur.
Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə imtahan nəticələri göstərir ki, maksimal nəticə 50–60 bal arasındadır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Bu səbəbdən, biz müəllimlərin işə qəbulunda aşağı bal toplamış namizədləri də nəzərə almağa məcbur oluruq”.//Azərtac