İmtahan vermiş 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb - Tİ

İyunun 25-27-də lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil edilən qəbul imtahanı zamanı qayda pozuntuları aşkar edilib, məsul şəxslər tərəfindən aktlaşdırılıb və pozuntuya yol verən şagirdlərin nəticələri təlimata uyğun olaraq ləğv edilib.
Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb.
Araşdırmanın aparılması məqsədilə Təhsil İnstitutunda müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək.
Xatırladaq ki, 29 min 375 şagird qeydiyyatdan keçib. Ümumilikdə ölkə üzrə 52 müxtəlif mərkəzdə 26 min 619 şagirdin iştirakı ilə imtahan prosesi uğurla təşkil edilib.