Laçında dağlıq ərazidə baş vermiş yanğını törətməkdə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər – BİRGƏ MƏLUMAT

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.
Bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, Laçın rayonunun Sus kəndinin sakinləri olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.