Azərbaycanın ədliyyə nazirinin müavini Hanoyda vyetnamlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov Vyetnama səfəri çərçivəsində həmkarı Nguyen Thanh Tinh ilə görüşüb.

Bu barədə  Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı iki ölkə arasında iqtisadi, sənaye və digər sahələrdə dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafı məmnunluqla qeyd olunub, hüquqi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu ilin may ayında imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nın icrası ilə bağlı müzakirə aparıblar.

Görüşdə ən yaxşı təcrübələrin bölüşülməsi, hüquqi sahədə təlim və tədrisin təşkil edilməsi və ədliyyə sahəsində mövcud əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi məqsədilə işçi qrupların yaradılması və qarşılıqlı səfərlərin təşkili kimi məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Toğrul Hüseynov paytaxt Hanoyda keçirilən Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak edən Azərbaycan nümayəndə heyətində təmsil olunur.