“Çayqırağı” kafesində nöqsanlar aşkarlanıb

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Mikayıl Əvəz oğlu Hümbətova məxsus “Çayqırağı” kafesində yoxlama aparıblar.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib.

Müəssisədə qida məhsullarının saxlanma qaydalarına əməl olunmadığı, ətin emalı, qazan və manqal yeməkləri hazırlanan sahənin yarımtikilidə təşkil edildiyi, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.