Pirallahıda polis əməliyyat keçirib: 42 kq narkotik vasitə aşkar olunub

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb.
Maqsud Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.