AQTA qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlarla bağlı məlumat yayıb

Qida təhlükəsizliyinin təmin olunmasında qida ilə birbaşa təmasda olan əməkdaşların şəxsi gigiyenası mühüm rol oynayır. Qida mənşəli zəhərlənmələrin əsas səbəblərindən biri məhz işçilərin gigiyenik qaydalara düzgün riayət etməməsidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, bu səbəbdən “Qida təhlükəsizliyi haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən, qida subyektlərinin qida məhsulları ilə birbaşa təmasda olan əməkdaşları mütləq şəkildə gigiyenik təlimlərə cəlb edilməlidirlər.
Təlimlərin məqsədi qida ilə təmasda olan şəxslər tərəfindən fəaliyyətləri zamanı tətbiq etməli olduqları sanitariya-gigiyena qaydalarının tələblərini mənimsəməkdir.
Qeyd edək ki, sahibkarlar işçilərin təlimini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri təşkil edə və ya bu məqsədlə ixtisaslaşmış təlim mərkəzlərinə müraciət edə bilərlər.