Axtarışa verilən Tacikistan vətəndaşı Azərbaycanda saxlanılıb

Təkrar və xeyli miqdarda dələduzluqda ittiham edilərək 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, təqsirləndirilən Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.
Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.