AQTA: Qida obyektlərinə dair ümumi gigiyena tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində — ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində istifadə, utilizasiya və məhvedilmə proseslərində gigiyenik normalara ciddi şəkildə riayət olunmalıdır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qida obyektlərinə dair ümumi gigiyena tələbləri qida məhsullarının təhlükəsiz şəkildə istehsalı, emal və dövriyyəsi üçün zəruri sanitar-gigiyenik şəraitin yaradılması və həmin şəraitin davamlılığının təmin edilməsi məqsədi daşıyır.
Qida obyektlərində gigiyena tələbləri çərçivəsində istifadə olunan avadanlıqlara, qida məhsullarının təhlükəsiz istifadəsinə, onların qablaşdırılması və etiketlənməsinə, daşınması və saxlanmasına, işçi heyət və şəxsi gigiyena qaydalarına, eləcə də qida tullantılarının idarə edilməsinə dair əsas prinsiplər və tələblər öz əksini tapıb. Həmin tələblər çərçivəsində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır. Qida obyektlərində bütün sahələr, o cümlədən təmizləyici avadanlıqlar gigiyenik normalara uyğun şəkildə təmizlənməli, təmizləmə və dezinfeksiya proqramları hazırlanmalı, onların effektivliyi daim nəzarətdə saxlanmalı və sənədləşdirilməlidir. Belə ki:
- Təmizlənəcək və ya dezinfeksiya ediləcək sahələr, avadanlıqlar və qab-qacaq dəqiq şəkildə müəyyənləşdirilməli;
- Hər bir təmizlik tapşırığına cavabdeh şəxslər təyin olunmalı;
- Təmizləmə və dezinfeksiya üsulları, həmçinin onların tətbiq tezliyi müəyyən edilməli;
- Yerinə yetirilən tədbirlərin effektivliyinə nəzarət mexanizmləri mövcud olmalıdır.
AQTA bir daha xatırladır ki, sahibkarlıq subyektləri tərəfindən həmin tələblərə əməl edilməsi qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların sağlamlığının qorunması baxımından olduqca əhəmiyyətlidir. Həmin tələblərin yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət yaradır.