Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə aprelin 15-də elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, prokurorluq orqanlarında işləməyi arzulayan və qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərlər.

Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə media subyektlərində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcək.

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.