Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilin əvvəlindən iyulun 1-dək ölkə əhalisinin sayı 16 min 833 nəfər və ya 0,2 faiz artaraq, 10 milyon 241 min 722 nəfərə çatıb.
Yerveinsan.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə avqustun 1-dək 17 min 204 nəfərdən ibarət 4 min 325 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35 min 385 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53 min 739 nəfərdir.
Cari ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abseron-Xızı, 7,3 faizi Qarabag, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Mugan, 4,9 faizi Sirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan,3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.