Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq
Noyabrın 5-də və dekabrın 4-də Super Ay hadisəsi müşahidə olunacaq.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən xəbərə görə, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360000 kilometrdən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14 faiz böyük və təxminən 15–30 faiz parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olacaq.
Ayın Yerdən məsafəsi noyabrın 5-də 356832 kilometr, dekabrın 4-də isə 356961 kilometr təşkil edəcək. Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356375 kilometr olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356508 kilometr, 2016-cı noyabrın 14-də 356509 kilometr, 2018-ci il yanvarın 1-də 356565 kilometr olub. Növbəti maksimal yaxınlaşma ilə (356447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.
Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 santimetrə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.

