Daha bir neçə partiya yük vaqonu Azərbaycandan keçməklə Ermənistana yola salınacaq - ADY
Qarşıdakı mərhələdə həm Rusiyadan, həm də Qazaxıstandan növbəti yük partiyalarının Azərbaycandan tranzit keçməklə Ermənistana göndərilməsi nəzərdə tutulur.
Bunu bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev Qazaxıstan taxılı ilə yüklənmiş qatarın Azərbaycandan Ermənistana yola salınması zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycandan tranzit keçməklə Ermənistana yüklər göndərilir: "Dünən Rusiyadan gələn yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə Ermənistana yola salınıb. Həmin yük 15 vaqondan ibarət 1048 ton 800 kq idi və taxıl məhsulu idi".
B. Hacıyev qeyd edib ki, eyni zamanda artıq Qazaxıstandan Azərbaycan ərazisinə tranzit keçməklə Ermənistana yüklərin daşınmasına başlanılıb: "Dünən Qazaxıstandan Azərbaycana Yalama stansiyasına daxil olan 15 vaqondan ibarət 1000 tona yaxın taxıl yüklü vaqon artıq Biləcəri Dəmiryol Stansiyasına çatıb. Bu qatar Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu olmaqla yolunu davam etdirəcək".//Trend

