Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti - Fotolar
Beynəlxalq Muğam Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə tanınmış muğam ifaçısı, sevilən xanəndə, müəllim Maya Cəbrayılovanın “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Gününə həsr olunmuş “Yaşa, Azərbaycan!” yubiley-hesabat konserti təşkil olundu.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva qonaqları salamlayaraq onları Zəfər Bayramı münasibəti ilə təbrik etdi.
Tədbirin əvvəlində Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovanın təqdimatı ilə tamaşaçılara gözəl muğam ifaları təqdim edildi. M.Cəbrayılova tamaşaçılar və şəhərimizin qonaqları üçün muğam, xalq və bəstəkar mahnıları ifa etdi. Xanəndənin bir-birini tamamlayan gözəl ifaları və məlahətli səsi alqışlarla qarşılandı.
Əməkdar müəllim, muğam ustası Qəzənfər Abbasov tamaşaçıları salamlayaraq xanəndəni muğam ifası ilə təbrik etdi.
Konsertin sonunda səsində muğama dərin hörmətin ifadəsi olan xanəndəyə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Mahmud Kaşqari adına Beynəlxalq Fondun, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti”nin, “Təzadlar” qəzeti və saytının, “Carçı” jurnalının, “Kiçik Dünya Uşaqları Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin, Yasamal rayon MKS-nin və digər qurumların Fəxri fərman və diplomları təqdim edildi.
Bayram konsertinin iştirakçılarına Zəfər və xanəndə M.Cəbrayılovanın səhnə fəaliyyəti haqqında videoçarxlar təqdim edildi.
Tamaşaçılar Zəfərimizi əks etdirən rəsm sərgisi ilə tanış oldular.
Xeyriyyə konsertində xanəndənin sənət dostları, muğamsevərlər, şəhid ailələri, qazi, veteran və Qarabağ müharibələri iştirakçıları, Azərbaycanda akreditə olunmuş diplomatik nümayəndəliklər, ziyalılar, şair və yazıçılar, media nümayəndələri və xanəndənin ailə üzvləri iştirak etdilər.

