Tari̇xi̇ ci̇nayət hüquqi̇ konteksdə
Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” elmi-tədqiqat araşdırmasına dair
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun yeni çap olunmuş “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” elmi-tədqiqat araşdırması 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların deportasiyasının hüquqi və tarixi tərəflərini dərindən araşdıran əhəmiyyətli bir əsərdir. Qərbi Azərbaycandan təxminən 300 minə yaxın azərbaycanlının ulu dədə-baba torpaqlarından köçürülməsi barədə tarixi mənbələrdə oxumuşuq. Lakin bu köçürülmədə insanların keşməkeşli günlərinin, çətin dövrünün, maddi və mənəvi problemlərinin incə məqamlarını Səməd Vəkilovun deportasiya ilə bağlı kitablarında olduğu kimi, bu kitabında da daha incə detalları ilə oxumaq mümkündür. Kitab müəllifin Qərbi Azərbaycandan deportasiyaya həsr olunmuş üçüncü kitabıdır.
Araz gəldi, yan axdı,
Dibindən min can axdı.
Vətən sarı baxanda,
Ürəyimdən qan axdı.
Köç işi çətindir. Bir evdən digərinə köçən insan bəndəsi nə qədər ağır yük altına girir, bunu hamımız yaxşı bilirik. Biri də var, yurdundan, ata-babalarının ömrünü keçirdiyi diyardan güclə ayrı salınıb, mənəvi bağını qoparmağa məcbur edilib başqa ərazilərə köçürüləsən. Üstəlik, el-obanın torpağına ayaq qoymağa həsrət qaldıqda vəziyyətin nə qədər mürəkkəb olduğunu düşünmək çətin deyil. Müəllifin peşəkarlığının bir cəhəti də odur ki, o, Qərbi Azərbaycan torpaqlarından didərgin salınmış azərbaycanlıların iztirablı köç prosesini, Vətən həsrətli fəryadını, yurd həsrətini bu dəfə Salyana köçürülmüş camaatın timsalında çox böyük ustalıqla oxucuya aşılaya, hiss elətdirə bilib. Tarixin həmin ziddiyyətli dönəmində Qərbi Azərbaycanlıların üz-üzə qoyulduğu mürəkkəb yolu Səməd Vəkilov layiqincə araşdırıb, köçürülmə prosesində baş vermiş tarixi hadisələrin hüquqi müstəvidə izahını, təhlilini verə bilib. Müəllif Qərbi Azərbaycandan deportasiya ilə bağlı apardığı araşdırma-tədqiqatını Salyan ərazisində Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalaç, Yolüstü və s. kəndlərdə məskunlaşan soydaşlarımızın söylədikləri şəxsi hekayələri və bioqrafik məlumatları ilə dolğunlaşdırıb, daha konkretləşdirib.
Kitabın ön sözünün ilk cümləsində oxuyuruq: “Tarixə azərbaycanlıların 1948-1953-cü illər deportasiyası kimi yazılsa da, əslində, bu, hüquq nöqteyi-nəzərindən sürgün demək idi”. Bu cümlədə yazıldığı kimi, Səməd Vəkilov deportasiya illərində Qərbi Azərbaycanlıların yaşadığı bu sürgünün vaxtilə Sovet İmperiyası, Rusiya və indiki Ermənistan üçün hansı siyasi rol oynadığını tarixi və hüquqi aspektdən izah edib, fikir və münasibətini bildirib.
Kitabın “1948-1953-ci illər deportasiyası: tarixi cinayət”, “Köçürülmə zamanı baş vermiş hüquq pozuntuları”, “Azərbaycandilli tədris müəssisələrinin köçürülməsi”, “1948-1953-cü il deportasiyası ermənilərin siyasi riyakarlığı kontekstində” və s. bölmələrində müəllif erməni vandallarının xalqımıza qarşı törətdiyi tarixi cinayətləri faktlarla göstərib. Səməd Vəkilov kitabda yeni, çox qiymətli məlumatları verib, həmçinin müəllif bu faktlara öz hüquqi polemikasını bildirmiş, fikir və münasibətini yeri gəldikcə vurğulamışdır.
Bu kitabın üstün cəhətlərindən biri də, İrəvan torpaqlarının qədimliyi, onun tarixi keçmişi, ululuğu, mənəvi zənginliyini oxucu diqqətinə çatdırmaq təəssübkeşliyidir. Fikrimizcə, müəllif layiqincə bunun da öhdəsindən gəlib.
Müəllifin tarixi faktlar və mənbələrə istinadən araşdırma qeydləri maraq doğurur və bunlar kitabın elmi üslubunu səciyyələndirir, təsir gücünü artırır.
Qeyd edək ki, bu kitaba qədər Səməd Vəkilov “Çağdaş Azərbaycanda islam və müasir cəmiyyət” (həmmüəllif), “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması”, “Hüquq və mədəniyyət”, “Sədaqət və cəsarət kredosu”, "Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma" kitablarının müəllifidir. “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı müəllifin sayca beşinci kitabıdır.
Nəticə etibarilə demək mümkündür ki, müəllifin deportasiya ilə bağlı çap olunmuş həm əvvəlki, həm də bu kitabı xalqın milli özünüdərk, milli kimliyimiz, tarixi keçmişimizlə bağlı yazılmış araşdırmalar sırasına qoşula bilər. Müəllif bu kitabın çapı ilə həmin dövrdə baş vermiş hadisələrə yenidən işıq salıb, həmin illərə bugünkü müstəqillik dövründən baxaraq obyektiv izahlar verib, faktları ortaya çıxarıb. Bu kitab Qərbi Azərbaycana geri qayıdış konsepsiyası ideyasında çap olunan araşdırmaların davamı kimi təqdirəlayiqdir!
Filologiya üzrə fəlsəfə doktoru YEGANƏ XANLAROVA

