Azərbaycan- Avropa İttifaqı əməkdaşlığının prioritetləri müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətlərin genişləndiyi vurğulanıb. Qeyd edilib ki, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir.
Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub.

