Azərbaycanın dostu BMT-nin Baş katibi ola bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Macarıstanın keçmiş Baş naziri Viktor Orbana BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi təklif edib.
Bu barədə “The Wall Street Journal” (WSJ) üç ölkədəki mənbələrinə istinadən yazır.
Qəzetin məlumatına görə, onun namizədliyinin irəli sürülməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Ehtimal olunur ki, Orban Vaşinqton, Moskva və Pekinin ortaq namizədi ola bilər. ABŞ və daha bir ölkənin rəsmiləri nəşrə bildiriblər ki, Birləşmiş Ştatlar, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında eyni mövqedən çıxış etdikdə, bir qayda olaraq, istədiklərinə nail olurlar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi nəşrə bildirib ki, Orban BMT Təhlükəsizlik Şurasında səkkiz səsə arxayınlıqla ümid edə bilər, 15 səsdən daha iki səsin alınması isə bir qədər az əminliklə proqnozlaşdırılır. Mənbələrin sözlərinə görə, Böyük Britaniya və Fransa onun təyinatına böyük ehtimalla mane olmayacaqlar, çünki onlar, bir qayda olaraq, veto hüququndan istifadə məsələsində ehtiyatlı davranırlar.
Tramp administrasiyasında Orban ABŞ-nin mühafizəkar dairələrinin ideoloji baxışlarına yaxın namizəd kimi qiymətləndirilir. WSJ-yə danışan mənbələrdən biri onu “dream candidate” — “arzuolunan namizəd” və ya “MAGA mühafizəkarları üçün ideal seçim” adlandırıb. ABŞ rəsmiləri Macarıstanın keçmiş baş nazirinin üstünlükləri sırasında onun miqrasiya məsələlərindəki mövqeyini və Avropa institutları ilə siyasi qarşıdurma təcrübəsini qeyd edirlər.
Xatırladaq ki, Viktor Orban Baş nazir olduğu dövrdə Azərbaycanla sıx tərəfdaşlıq edirdi. Bu illərdə Bakı ilə Budapeşt arasında münasibətlər siyasi dialoq, enerji, investisiyalar və beynəlxalq platformalarda əməkdaşlıq üzərində qurulmuşdu. İki ölkə 2014-cü ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb, 2023-cü ildə isə tərəfdaşlığı genişləndirən yeni bəyannamə qəbul etmişdi.//Trend.az

