Makron Tramp ilə "çox konstruktiv" müzakirə apardığını bildirib

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Qırmızı dəniz və Ukraynadakı vəziyyətlə bağlı “çox konstruktiv” müzakirə apardığını bildirib.

Görüş Nyu-Yorkda BMT-nin illik sammiti çərçivəsində baş tutub.

Dövlət başçısı görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər, xüsusilə, Qırmızı dənizdə neft daşıyan obyektlərin “daha yaxşı təhlükəsizliyinin təmin edilməsi” yollarını və “Ukraynadakı dostlarımıza interseptorlar baxımından daha sürətli və daha güclü yardım göstərməyin zəruriliyini” müzakirə ediblər.

 O, həmçinin görüşlə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Nyu-Yorka çatan kimi Prezident Donald Trampla görüşdüm. Enerji bazarlarında gərginliyi azaltmaq, Yaxın Şərqdə kritik infrastruktur obyektlərini və Hörmüz boğazında naviqasiya azadlığını qorumaq üçün birgə fəaliyyət göstərmək barədə razılığa gəldik.

Həmçinin Ukraynanın enerji infrastrukturu və mülki infrastrukturuna endirilən zərbələrə moratorium tətbiq olunmasına nail olmaq üçün səylərimizi birləşdirəcəyik. Mülki əhali qorunmalıdır və Rusiya ilə Ukrayna arasında sülhün şərtləri ilə bağlı ciddi danışıqlara mümkün qədər tez başlamalıyıq", - deyə Makron paylaşımda bildirib.//Trend