Kəlbəcər və Laçında yanğınla mübarizə tədbirləri davam etdirilir, əraziyə FHN-in 2 helikopteri cəlb olunub
Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcər və Laçın rayonlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və alovun söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki helikopteri də cəlb olunub.
Həmçinin yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir.

