DYP həftəsonu ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə İdarənin Mətbuat Xidməti məlumat yayıb.
“Həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırır.
Sürücülərdən xahiş olunur ki:
* Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
* Səhhətində problem olduğu halda, eləcə də yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;
* Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər;
* Yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər;
* Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlasınlar".
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, piyadalardan isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmələri, yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri xahiş olunur:
“Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olsun, təhlükəsizliklərini təmin etmək üçün görünən olmağa çalışsınlar.
Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”,-deyə Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

