Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Hər il iyunun 17-də bütün dünyada Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü qeyd olunur.
Bu gün 1994-cü ildə BMT Baş Assambleyasının 49/115 saylı qətnaməsi ilə təsis edilib. Bayram üçün məhz bu tarixin seçilməsi 1994-cü il iyunun 17-də Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının qəbul olunmasının ildönümü ilə bağlıdır.
Konvensiyada dövlətlərə tövsiyə olunurdu ki, həmin gün keçirilən tədbirlər səhralaşma və quraqlığın nəticələri ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi, eləcə də Səhralaşma ilə Mübarizə Konvensiyasının müddəalarının həyata keçirilməsi istiqamətində görülən işlər barədə ictimai məlumatlılığın artırılmasına həsr olunsun.
BMT Baş Assambleyası həmçinin 2010-cu ilin yanvarından 2020-ci ilin dekabrınadək olan dövrü “Səhralar və Səhralaşma ilə Mübarizə üzrə BMT Onilliyi” elan edib. Bu təşəbbüsün məqsədi quraq torpaqların qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə dəstək vermək idi (2007-ci il tarixli 62/195 saylı qətnamə).
Səhralaşma müasir dövrdə ətraf mühitin deqradasiyası ilə bağlı ən narahatedici qlobal proseslərdən biridir. Hazırda dünyadakı bütün torpaq ehtiyatlarının 40 faizədək hissəsi artıq deqradasiyaya uğramış hesab olunur ki, bu da bir milyarddan çox insanın sağlamlığına və yaşayış vasitələrinə təhlükə yaradır.
Quraqlıq insan tələfatı baxımından ən dağıdıcı təbii fəlakətlərdən biridir. Bunun əsas səbəbləri genişmiqyaslı məhsul itkisi, meşə yanğınları və su çatışmazlığıdır. Torpaq deqradasiyası və iqlim dəyişikliyinin təsiri ilə quraqlıqlar daha tez-tez baş verir və daha şiddətli xarakter alır. Onların sayı 2000-ci illə müqayisədə 29 faiz artıb və hər il təxminən 55 milyon insan quraqlığın təsirinə məruz qalır. Proqnozlara görə, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin təxminən dörddə üçünə təsir göstərə bilər.
Sağlam torpaq bizə yalnız dünya ərzaq məhsullarının 95 faizini təmin etmir. O, həm də bizi geyim və sığınacaqla təmin edir, iş və dolanışıq mənbəyi yaradır, quraqlıq, daşqın və meşə yanğınlarının təsirindən qoruyur.
Səhralaşma problemi qlobal və son dərəcə aktual xarakter daşıyır. O, beynəlxalq ekoloji təhlükəsizlik sisteminə, yoxsulluğun aradan qaldırılması səylərinə, sosial-iqtisadi sabitliyə və davamlı inkişafa ciddi təsir göstərir. Səhralaşma və quraqlığın nəticələri ərzaq təhlükəsizliyinin zəifləməsi, aclıq və yoxsulluğun artmasıdır. Bununla bağlı yaranan sosial, iqtisadi və siyasi gərginlik münaqişələrin baş verməsinə, yoxsulluğun daha da dərinləşməsinə və torpaqların deqradasiyasının sürətlənməsinə səbəb ola bilər. Dünyada səhralaşmanın genişlənməsi milyonlarla insanın yeni yaşayış yeri və dolanışıq vasitələri axtarmağa məcbur qalması təhlükəsini yaradır.
Səhralaşmanın azaldılmasına kömək edə biləcək tədbirlər:
Meşələrin yenidən salınması və bərpası;
Su ehtiyatlarının səmərəli idarə olunması – suya qənaət, təmizlənmiş sudan təkrar istifadə, yağış sularının toplanması, duzsuzlaşdırma və ya duza davamlı bitkilərin becərilməsi üçün dəniz suyundan birbaşa istifadə;
Küləkdən qoruyan yaşıllıq zolaqlarının və xüsusi qum maneələrinin yaradılması ilə torpağın möhkəmləndirilməsi;
Torpağın zənginləşdirilməsi və gübrələnməsi;
Təbii torpaq bərpası üsulunun tətbiqi. Bu üsul kötüklərdən, köklərdən və toxumlardan ağac və kolların sistemli şəkildə yenidən bərpasına əsaslanır.
Hər il Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü xüsusi mövzuya həsr olunur.
2026-cı ildə Ümumdünya Səhralaşma və Quraqlıq Günü qlobal diqqəti otlaqlara yönəltdi. "Pastoral Torpaqlar: Tanı. Hörmət et. Bərpa et" mövzusu altında keçirilən bu ilki tədbir otlaqların iqtisadi, ekoloji və mədəni dəyərinin daha çox tanınmasına, onların ənənəvi sahiblərinə hörmət edilməsinə və deqradasiyaya uğramış otlaqların bərpasına investisiyaların artırılmasına çağırır.//Azərtac

