Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, eləcə də quş qripi xəstəlikləri üzrə azad statusun qorunub saxlanılması, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu tədbirlər çərçivəsində iyulun 6-10-da respublikanın bir neçə şəhər və rayonlarını əhatə edən ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlarda bu xəstəliklərə həssas vəhşi heyvanlar üzrə monitorinqlər aparılacaq. Monitorinq zamanı ərazilərdə müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinərsə, onlardan diaqnostik nümunələr götürüləcək. Eyni zamanda, müşahidə aparılacaq ərazilər barədə epizootoloji məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.
Monitorinqdə AQTA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcəklər.

