Maqnit qasırğası gözlənilir
Hazırda Günəş aktivliyi aşağı səviyyədədir. Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verib. Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixçəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, dekabrın 8-dən 10-dək M (R1/R2 - mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, dekabrın 8-də, dekabrın 4-də Günəşi tərk etmiş tac kütlə atılmasının sürüşkən təsiri müşahidə oluna bilər. Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kütlə atılması ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.
Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına G1 (mülayim) səviyyədə olacaq. Bu hal dekabrın 6-da baş vermiş tac kütlə atılması hesabına 10 dekabr tarixində də davam edəcək.
Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır.

