Kiberpolis 200 min manatlıq dələduzluğu ifşa etdi - VİDEO
Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq etməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, o, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini "Instagram" sosial şəbəkəsində yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.
R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200.000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.
R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
"Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin, sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq", - nazirlik vətəndaşlara çağırış edib.

