Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.
Bildirib ki, sentyabrın 16-da keçirilmiş məhkəmə prosesi zamanı hüquqlarını qoruduğu təqsirləndirilən şəxs Ruben Vardanyan bir neçə vəsatət verib. Həmin vəsatətlərdən biri də şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə olub. Emil Babışov qeyd edib ki, müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı dövründə müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri Ruben Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər. Onun ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər.

