Yeni ilin ilk günündən

Ötən ildə olan uğurlara şükr edin, sevinin. Onların nəyin və kimin hesabına olduğunu ehtiramla xatırlayın. Sizə yaxşılıq edənləri heç vaxt unutmayın. -Kimə nə fayda vermisinizsə, yaxşılıq etmisinizsə, eləcə də kim sizə ziyan vurubsa, incidibsə, pislik edibsə unudun, yaddaşdan silin. -Həyatınızda olmuş və olacaq neqativləri xatırlamayın, müsbət düşünün, xoş danışın, sevincli və sevimli olun. -Ruhunuzu təmiz saxlayın, iftira, yalan, ikiüzlülükdən uzaq olun, maska gəzdirməyin, olduğunuz kimi olun. Siz beləcə də gözəlsiniz. -Təbiəti, ətrafınızı, həyatı sevin. Siz onun bir parçasısınız. Boz çöllərin də, pıspısanın da, axan suyun da öz gözəlliyi var. Onu görməyi bacarın. Onunla çuğlaşın, onun zərrəsi olun. -Ailənizi, qohumları, dostları, iş yoldaşlarınızı, qonşuları, ətrafınızı görün, sevin, ehtiram göstərin. Siz onlarla təmasda, əlaqədə insansınız. Onlara münasibət sizin ləyaqətinizin ölçüsüdür. Dəyərinizi bilin. -İşinizi sevin, yoxsa o sizə əzaba çevrilər. Nə iş görsəniz onu mükəmməl görün, peşəkar olun, çünki həyatınızın dəyəri, qiyməti bu işdən verilir. Səni görməsələr belə öz işini vicdanla gör. -Məlumatlı olun. Dünyada, ölkədə, kənddə, işdə, məhlədə nə baş verdiyindən xəbəriniz olsun. İnformasiya sərvətdir, onu əldə etməyi, ondan istifadə etməyi öyrənin. -Tənbəl olmayın. Bilin ki, dünya səyahətinə çıxan yolçunun da ilk işi ilk addımdan başlayır. O addımı, ağır olsa da atın, sonrası düzələcək. -Nifrətdən, qəzəbdən uzaq olun. Onlar başqasının günahına görə özünə əzab verməkdir. O sizin içinizi yeyən həşəratdır, onu yaxına buraxmayın. -Anlamazla mübahisə etməyin. Onun mövqeyi, fikri sizin əsaslandırmanın, sübutların zəifliyi ilə bağlı deyil, onun anlaqsızlığındadır. -Aza şükür edin ki, çoxa çatasınız. Dürüst olun, Tanrı hər şeyi görür. Hər hansı uğursuzluğunuz olsa onun səbəbini başqasında axtarmayın, özünüzdə görün. Beləcə yaşayın, xoşbəxt olun.

Aydın Kərimov