Ağdərənin 4 kəndinə ilk köç karvanları yola salınıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Ağdərə rayonunun təmir-bərpa işlərinin aparıldığı Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndləri də daimi sakinlərini qəbul etməyə hazırdır.
Yanvarın 9-da Tərtərdən Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə 89 ailə (337 nəfər), o cümlədən Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.
Ağdərə sakinləri uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

