“Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair” Monitorinq Hesabatı hazırlanıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ünvanına daxil olmuş müraciətlər və mediada dərc edilmiş məlumatlar əsas götürülməklə Ombudsman Aparatının əməkdaşları tərəfindən idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə müstəqil monitorinq həyata keçirilib.
Hesabatda son illər dünya futbolunda ayrı-seçkilik və irqi zəmində baş verən xoşagəlməz hallar, eləcə də azarkeşlər tərəfindən rəqib komandanın üzvlərinə və hakimlərə qarşı etik normalara zidd davranışların müşahidə olunduğu qeyd olunur.
Təəssüflə bildirilib ki, analoji hallar ölkəmizdə keçirilən bəzi futbol oyunlarında da qeydə alınır. Bu kimi hallar futbolun qarşılıqlı hörmətə əsaslanan mahiyyətinə, bərabərlik prinsipinə və idmanın fundamental dəyərlərinə açıq şəkildə zidd olmaqla yanaşı, insan hüquqlarına hörmətin təmin olunması baxımından ciddi narahatlıq doğurur.
Monitorinq çərçivəsində idman yarışlarında ayrı-seçkiliyin qadağan olunmasına dair mövcud milli qanunvericilik və beynəlxalq sənədlər, FIFA və UEFA tərəfindən müəyyən edilmiş standartlar, habelə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) intizam xarakterli qərarları və digər müvafiq mənbələr təhlil edilib, təklif və tövsiyələr hazırlanıb.
Aparılan monitorinq idman sahəsində, xüsusilə futbolda bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində bir sıra mühüm addımların atıldığını göstərir. Bununla yanaşı, bu sahədə görülən işlərin davamlı və sistemli yanaşma ilə daha da təkmilləşdirilməsi aktual olaraq qalır.
Azərbaycanın idman ölkəsi olmasını, beynəlxalq səviyyəli nüfuzlu idman yarışlarına ev sahibliyi etməsini, eləcə də 2027-ci ildə 20 yaşadək futbolçular arasında Dünya Çempionatının ölkəmizdə keçiriləcəyini nəzərə alaraq, idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi, preventiv mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Aparılan monitorinqin nəticələri əsasında “Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair” Monitorinq Hesabatı hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hesabatda müvafiq sahə üzrə mövcud vəziyyətə dair təhlillər, habelə bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində təklif və tövsiyələr əks olunub.
Hesabatın mətni ilə buradan tanış ola bilərsiniz.

