Vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırış edildi
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırıb.
Bu barədə XRİTDX məlumat yayıb.
Bildirilib ki, son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır. Xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-yə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.

