“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu.
Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova qeyd etdi ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası tarixi sənəddir, mədəniyyətin inkişaf prioritetlərini və hədəflərini yaxın 15 il ərzində müəyyən edir. Konsepsiyada ölkənin kitabxana sistemində yeni qabaqcıl modellərinin tətbiq edilməsi, xidmət üsullarının modernləşdirilməsi, rəqəmsal kitabxanaların və inklüziv mühitin yaradılması, mədəniyyətin informasiya və kommunikasiya sistemində vahid siyasətin formalaşması nəzərdə tutulub. L.Məmmədova qeyd etdi ki, konsepsiyada mədəniyyətin aşağıdakı əsas sahələri əhatə olunur: Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs.
Sonra “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı ətrafında diskussiya aparıldı. Diskussiyada kadrların hazırlanması, rəqəmsal mədəniyyətin formalaşdırılması, Azərbaycan dilinin və ədəbiyyatın inkişafı diqqət mərkəzində oldu. Konsepsiya çərçivəsində Azərbaycan mədəniyyətinin müasir modeli maraqla qarşılandı. Daha sonra qeyd olundu ki, konsepsiya çərçivəsində altı Dövlət Proqramı layihəsi hazırlanacaq və konsepsiyanın icrası üç mərhələni əhatə edəcək.

