“Dağlılar Balıq” restoranının fəaliyyəti müvəqqəti dayandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları, ev 679 ünvanında fiziki şəxs Pərviz Şakir oğlu Niftəliyevə məxsus “Dağlılar Balıq” ictimai iaşə müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı obyektdə balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Eyni zamanda, məlum olub ki, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl edilmir, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır. Bununla yanaşı, müəssisədə digər nöqsanlar da müəyyən edilib.

Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb.