Antisanitar şəraitdə fəaliyyət göstərən çörək emalı müəssisəsi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində Kamil Vırıcıxan oğlu Məhərrəmova məxsus çörək emalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb.
Məlum olub ki, müəssisənin emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə edilən su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyiblər. Bununla yanaşı, digər tələblərin də pozulduğu aydınlaşıb.
Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

