Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər də saxlanılıb

Yanvarın 17-də və 18-də ölkə ərazisində qeydə alınan 89 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 50, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 60 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 103,6 kiloqramdan artıq narkotik vasitə və 101 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 4 tapança, 3 qumbara, 1 qumbaraatan, 30 tüfəng, 12 patron darağı və 492 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər də saxlanılıb.