Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 26 yanvar 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 12 min 336 şəxs barəsində tətbiq olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, amnistiya tətbiq olunan şəxslərin 4977-si müəyyən müddətə azadlıqdan məhrumetmə, 6613-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 734 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə) azad edilib.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 13 nəfər və Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 13 nəfər də cəzadan azad olunanlar arasında yer alıb.

Amnistiya tətbiq edilmiş şəxslərdən 1021-i böyük ictimai təhlükə törətməyən, 10 min 502-si az ağır, 813-ü ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 11 min 761-i kişi (onlardan 17-si yetkinlik yaşına çatmayan şəxslərdir), 575-i isə qadındır.

Amnistiya aktının icrası davam edir.