AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, əvvəlcə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə süni intellektin tətbiqi əsasında həyata keçirilən innovativ layihələri, 2025-ci il üzrə əldə edilən nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib. O, 2025-ci il üzrə əldə olunan nailiyyətləri əks etdirən sərginin Bölmənin həyata keçirdiyi əhəmiyyətli layihələr, elmi tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr barədə dolğun və aydın təsəvvür yaratdığını, Bölmədə fəaliyyət göstərən alim və mütəxəssislərin ölkə elminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

AMEA rəhbəri Bölmənin ötən il üzrə fəaliyyəti ilə bağlı mühüm məqamlardan birinin Springer və digər nüfuzlu beynəlxalq bazalarda nəşr olunan kitab və məqalələrin sayının artması olduğunu söyləyib, bu istiqamətdə əldə olunan uğurların beynəlxalq elmi mühitə inteqrasiya baxımından böyük önəm daşıdığını qeyd edib. O, həmçinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Azərbaycan Astronomiya Jurnalı”nın Scopus elmmetrik bazasına daxil olmasını bütövlükdə Bölmənin mühüm nailiyyəti kimi qiymətləndirib.

Bölmə üzrə gənc tədqiqatçıların fəaliyyətini xüsusi qeyd edən akademik İsa Həbibbəyli gənc alimlərin elmi prosesə fəal cəlb olunmasını müsbət hal kimi dəyərləndirib. Bölmədə həyata keçirilən gənclər siyasətinin məqsədyönlü və sistemli xarakter daşıdığını, yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi və onların dünya elminə inteqrasiyası istiqamətində mühüm nəticələrin əldə edildiyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Bölmənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib. O, AMEA-nın 80 illik yubiley tədbirində Prezident İlham Əliyevin nitqində Akademiyanın qarşısında mühüm strateji vəzifələr müəyyənləşdirdiyini xatırladıb, Rəyasət Heyətinin iclasında həmin çıxışdan irəli gələn tapşırıqlar, eləcə də 2026-cı il üçün Bölmə üzrə müəyyənləşdirilən elmi prioritetlər ətrafında müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev bildirib ki, 2025-ci ildə Bölmənin ölkə üzrə əhatə etdiyi elmi müəssisələrdə 7 elmi istiqamət üzrə 33 problemə aid 101 mövzuya dair 259 tədqiqat işi, 89 mərhələ aparılıb, 34 mövzu, 173 iş, 89 mərhələ tamamlanıb.

Akademik Rasim Əliquliyev əlavə edib ki, hesabat ilində E-Azərbaycanın bir seqmenti olan e-elmin formalaşdırılması və inkişafı istiqamətində işlər davam etdirilib, İndustry 4.0-ın platformasında kritik infrastrukturların kiber dayanıqlığının təmin olunması üçün intellektual texnologiyaların işlənməsi istiqamətində araşdırmalar aparılıb, science 4.0 platformasında süni intellektin tətbiqi məsələləri tədqiq olunub və perspektiv təkliflərin reallaşdırılması üçün tövsiyələr verilib.

O, Bölmənin elmi istiqamətləri üzrə dövri elmi jurnalların nəşrinin diqqət mərkəzində olduğunu söyləyib. Qeyd edib ki, 2025-ci il ərzində FRTEB-in əhatə etdiyi elmi müəssisələrdə nəşr olunan elmi jurnallarda ümumilikdə 551 məqaləyə DOİ verilib.

Akademik bildirib ki, 2025-ci ildə 23 elmi tədqiqat işinin nəticəsinin tətbiqi üzrə plana müvafiq tədbirlər icra olunub. Bölmənin əhatə etdiyi elmi müəssisələr patent almaq üçün 19 iddia sənədi verib, 7-si respublikada, 4-ü xarici ölkələrdə olmaqla 12 patent alıblar. O, 2025-ci ildə FRTEB üzrə elmi müəssisələrin elmi kadr potensialının Scopus və WoS bazalarında dərc olunmuş məqalələrinin sayı və orta məhsuldarlıq göstəricilərini diqqətə çatdırıb.

Alim, həmçinin respublikanın elm və ali təhsil müəssisələrində FRTEB-in elmi istiqamətləri üzrə 2025-ci ildə aparılmış tədqiqatların mühüm nəticələrini qeyd edib. O, Bölmə əməkdaşlarının GOOGLE SCHOLAR elmmetrik bazasında fəaliyyətinin statistik göstəriciləri, kadr potensialı, nəşr olunmuş mühüm elmi nəticələr, qrant layihələri, elmin populyarlaşdırılması istiqamətində görülən işlər və s. barədə məlumat verib.

Rasim Əliquliyev Bölmənin fəaliyyətinin daha səmərəli təşkilinə dair bir sıra təklif irəli sürüb.

Daha sonra hesabat üzrə müzakirələr aparılıb. Akademiklər Arif Həşimov, Əli Abbasov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Namiq Cəlilov, İslam Mustafayev və texnika elmləri doktoru Elxan Səbziyev çıxış edərək fikirlərini bildirib, hesabatları qənaətbəxş qiymətləndiriblər.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

Bölmənin iclasında ilk dəfə olaraq qərar layihəsi süni intellekt vasitəsilə səsləndirilib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli ötən ilin noyabr ayında AMEA-nın 80 illik yubiley tədbirində Prezident İlham Əliyevin Azərbaycan elminin qarşısına qoyduğu yeni hədəf və prioritetlərə toxunub, dövlət başçısının səsləndirdiyi çağırışlar və irəli sürdüyü ideyaların Azərbaycan elminin yeni mərhələdə inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb

Bölmə üzrə əldə olunan elmi nailiyyətlərin Azərbaycan elminin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını söyləyən akademik İsa Həbibbəyli, bu istiqamətdə müsbət dinamikanın sonrakı illərdə də davam edəcəyinə əminliyini ifadə edib.