AQTA-nın mütəxəssisləri özbəkistanlı həmkarları ilə təcrübələrini bölüşüblər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-Epidemioloji Rifah və İctimai Sağlamlıq Komitəsinin laboratoriyasının fəaliyyəti ilə tanış olub.
Sonra AQTA-nın mütəxəssisləri Heyvan Xəstəliklərinin Diaqnostikası və Qida Təhlükəsizliyi üzrə Respublika Dövlət Mərkəzi, həmçinin Bitki Karantini və Mühafizəsi Agentliyinin Respublika Aqrokimyəvi Analiz Mərkəzinin laborator imkanları, maddi-texniki bazası, işçi heyəti və digər məsələlərlə tanış olublar. Görüşlərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təcrübəsi bölüşülüb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AQTA-nın nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.

