Kitablar səltənətinin növbəti incisi: Sabir
Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Azərbaycanın satirik şairi M.Ə.Sabirin qəzəli və satirik şeiri təqdim edilir.
M.Ə.Sabir ədəbiyyata şeir və qəzəlləri ilə az vaxtda tanındı. Dünyadakı texniki tərəqqi, xarici işbazların Azərbaycana axını, tərəqqinin hər kəsə eyni təsiri olmadığını görən şair satiraya müraciət etmişdir. Şairin satirik şeirləri cəmiyyətin çirkinliklərinə qarşı mübarizəsi idi. Mirzə Ələkbər Sabir ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə almışdır.
Məzmun və dil üslubu baxımından bu qəzəllər Sabirin sonrakı satirik şeirlərindən xeyli fərqlənir. Qəzəllərdə belə ictimai motivlərin üstünlük təşkil etməsi, feodal-patriarxal mühitin mənfi cəhətlərinə yönəlmiş tənqidi yanaşmanın müşahidə olunması, Sabirin gələcəkdə realist-satirik poetik istiqamətə yönələcəyinin ilkin əlamətləri kimi dəyərləndirilə bilər.
“Oxutmuram, əl çəkin” satirik şeirində Sabir cahillik və cəhaləti, “Amandı, qoyma gəldi” şeirində isə qadınlara olan mühafizəkar yanaşmanı pisləyir. “Ölüb əəə” şeiri dövrün ictimai-siyasi ab-havasını və Sabirin millətinin vəziyyətinə olan dərin narahatlığını əks etdirən klassik satira nümunəsidir. Şeirdə ictimai-siyasi vəziyyət, xalqın dirçəlməməsi, elmsizlik və çarəsizlik acı istehza ilə tənqid edilir.
M.Ə.Sabirin bir çox ustadlar tərəfdən ifa edilən qəzəli də çox maraqlıdır:
İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədər cövr et mənə ah etmək imkan olmasın.
Bu qəzəl şairin fərqli yanaşması ilə seçilir. Adətən, zülfə pərişan sözü yaraşdırılırsa, Sabir “könlüm kimi zülfün pərişan olmasın” – deyib sevdiyini o qədər həlim hisslərlə vəsf edir ki, növbəti misralarda:
Mübtəlayi-dərdi eşqəm, əl götür məndən, ey təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!
Deyib sevginin ülviyyətinə səsləyir aşiqləri.
M.Ə.Sabirin Mərkəzi Kitabxananın Fəxri oxucusu yazıçı Şahzadə İldırım tərəfindən səsləndirdiyi şeirlər və qəzəl izləyicilərə aşağıdakı keçiddə təqdim olunur:

