Ərzaq bazarında nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala rayonunda kənd təsərrüfatı məhsulları bazarında plandankənar yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.
Satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib, məhsullar üzərində etiket məlumatları olmayıb. Balıq və süd məhsullarının soyuducudan kənarda açıq şəkildə satıldığı aşkarlanıb. Xüsusilə bazarda mal qonşuluğu və tez xarab olan qida məhsullarının satışına dair tələblərinin pozulması halları müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunub. Bazarda süd və süd məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
“AQTA tərəfindən ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Həmin tələblərin icrası, eləcə də nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür”, - deyə məlumatda vurğulanıb.

