AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb

Mediada Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.

Məlumatda, həmçinin xatırladılıb ki, Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA tərəfindən diaqnostik nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.