Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması acı nəticələrə yol aça bilər

Bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər.

Bu barədə FHN-nin əhaliyə müraciətində deyilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

 - süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!